Gürcüstanın təbiəti

Qədim xalq əfsanəsində deyildiyi kimi, Tanrı insanlara onların yaşayacaqları  torpaqları paylayarkən başları kef məclisinə çox qarışdığına görə gürcülər pay almağa gecikmişdilər. Tanrının hüzurunda olarkən Tanrı onlara daha boş torpaq qalmadığını söyləmişdi. Buna cavab olaraq gürcülər Tanrının şərəfinə içdikləri üçün gecikdiklərini söyləmiş və Onu süfrə başına dəvət etmişdilər. Tanrı süfrə başında vaxtını elə gözəl keçirmişdi ki, gürcülərə özü üçün ehtiyat saxladığı torpağı bağışlamaq qərarına gəlmişdi. Həqiqətən də, Gürcüstan ilahi diyardır!

Gürcüstanın landşaftı

Gürcüstanın şimal hissəsi Böyük Qafqazın, yüksəkliyi dəniz səviyyəsindən 4500-5000 metrə qədər çatan dağ silsiləsi ilə əhatə olunur. Ən yüksək dağ zirvəsi - Şxara (5068m), bir az aşağı nöqtə isə Kazbek dağıdır (5047m). Qafqaz cavan büküşlü geoloji sistemlərə aiddir, daha doğrusu, burada tektonik proseslər başa çatmamışdır. Gürcüstanın böyük hissəsi tədricən sahilə doğru enir. Kolxida ovalığının quru hissəsinin suya dalması bir yüzillikdə orta hesabla təxminən 13sm təşkil edir. Ərazidə yüksək seysmiklik qeyd olunur (5-7 bala qədər zəlzələlər, xüsusən şərqdə).

Yüksək dağlıq hissə üçün buzlaqlar, qərbdə - karst formaları, şərqdə isə - cavan vulkanik formalar səciyyəvidir. Burada keçmiş Sovet İttifaqı ərazisində ən dərin (1370 m) mağara – Bzıb dağ silsiləsindəki Qarlı uçurum mağarası yerləşir. Mağaranın 200m dərinliyində qara və buza rast gəlmək olur. Abxaziyadakı Novoafon mağarası çox tanınmışdır, bu mağara gürcü-abxaz müharibəsinə qədər turistlər arasında məşhur idi. Bu, uzunluğuna görə (3285m) və sahəsinə görə (49565 m2) ən böyük mağaradır. Böyük Qafqaz dağ silsilələrində təxminən 500 mağara aşkar edilmişdir.

Böyük və Kiçik Qafqaz dağ silsilələri arasında  təməli Qara dənizə yönəlmiş üçbucaq formalı Kolxida ovalığı, şərqdə isə - Kür çayının keçdiyi İveriya çökəkliyi yerləşir. Kolxidanın adı Konstantin Paustovskinin eyniadlı povestində çəkilir. Keçmişdə arqonavtlar bura “qızıl runo” (əfsanəvi qızıl  dəri) əldə etmək üçün yollanardılar.

Çaylar və göllər

Gürcüstan çayları iki hövzəyə - Qara dəniz və Xəzər hövzəsinə aiddir. Xəzər hövzəsinin, demək olar ki, bütün axını Zaqafqaziyada ən iri çay olan Kür çayı (gürcü dilində Mtkvari) ilə axır ki, Mingəçevir su anbarı bu çayın üstündə yerləşir. Qara dəniz hövzəsinin çayları (Qərbi Gürcüstan) sərbəst şəkildə dənizə tökülərək vahid sistem yaratmır. Onlardan ən əsası – Kolxida ovalığı boyunca aşağı kəsikdə axan Rioni çayıdır. Gürcüstanda göllər azdır, bunlar əsasən, Cavaxet yaylasında yerləşir. Onlardan ən məşhuru Abxaziyada yerləşən Ritsa yüksək dağ gölüdür (dərinliyi 116 metrə qədər, sahəsi 1,4 km2-dir, dəniz səviyyəsindən 882 metr yüksəklikdə yerləşir).

Flora və fauna

Gürcüstanda bitki örtüyü son dərəcə zəngin və rəngarəngdir. Çiçəkləyən bitkilərin sayı 4500-dən yuxarıdır. Burada çox qədim və bu ərazi üçün səciyyəvi olan bitkilərə rast gəlinir (dioskeriya, pontik və Qafqaz rododendronu, şümşad, xurma və s.). Meşələr ərazinin üçdə birindən çox hissəsini əhatə edir. Alp otlaqları çox genişdir, meşənin üst hüdudundan 2800-3500 metrə qədər məsafə boyunca uzanır. Gürcüstanın xüsusi landşaft zonaları arasında həmişəyaşıl ağacları və kolları olan Kolxida sıxyarpaqlı liana meşələri, eləcə də  Pitsundadakı Pitsunda şamlarından, Borjomi dərəsindəki Qafqaz şamlarından, Şərqi Gürcüstandakı Eldar şamlarından ibarət meşə massivləri qeyd olunmalıdır. Kolxida ovalığının təxminən 200 hektarlıq sahəsini bataqlıqlar tutur. Gürcüstanda 15 qoruq vardır ki, onlardan ən mühümləri Laqodexi, Borjomi və Ritsinidir.

Gürcüstanın heyvanat aləmi 100-dən yuxarı məməli növü, 330 quş növü və 160 balıq növü ilə təmsil olunur. Şərqi Gürcüstan düzlərinin faunası son dərəcə spesifikdir. Bu yaxınlaradək orada yalnız Şirak düzündəki ayrıca yerlərdə qorunub saxlanmış ceyrana rast gəlinirdi.  “Qırmızı kitab”a salınmış vəhşi quş növlərindən toğlugötürən, berkut, ağbaşlı Asiya kərkəsi, qara keçəl kərkəs və s. növlərə rast gəlinir (əsasən, qoruq yerlərində). Kolxidanın və Kaxetiyanın bəzi ərazilərində qırqovula da təsadüf olunur. Yüksək dağlıq ərazidəki fauna Böyük Qafqaz dağ silsiləsi ərazisində daha yaxşı qorunub saxlanmışdır. Onun qərb hissəsində Kuban dağ keçiləri (onların buynuzlarından şərab içmək üçün istifadə edilir), şərqində isə Dağıstan dağ keçiləri gəzib dolaşır.

Faydalı qazıntılar

Gürcüstan mineral ehtiyatlarla – neft, kömür, torf, dəmir filizi, mis, sink, civə, əqiq, qranit, mərmər və s. ilə zəngindir. Lakin onun əsas təbii ehtiyatlarından biri – çoxsaylı mineral və termal bulaqlarıdır (Borjomi, Utsera, Dzau, Nabeqlavi, Sairme, Zvare, Nunisi). Onların bazasında  50-yə yaxın kurort yaradılmışdır ki, bunlardan Borjomi və Tsxaltubo xüsusilə məşhurdur.