“Borjomi”nin vulkanik mənşəyi

“Borjomi” – təbii xüsusiyyətlərinə görə yaşı 1500 ildən yuxarı olan vulkanik mənşəli mineral sudur. Onu 8-10 km dərinlikdən yer səthinə təbii karbon qazı sıxışdırıb çıxarır. Bir çox digər hidrokarbonatlı natriumlu mineral sulardan fərqli olaraq, “Borjomi” yerin altında soyumağa imkan tapmadan “yol boyu” Qafqaz dağlarının süxurlarında olan 60 müxtəlif mineral növü ilə zənginləşərək yer səthinə ilıq halda çatır (38-41°С).

“Borjomi” suyunun elmi araşdırılması göstərir ki, o, yerin dərin qatlarındakı minerallaşmış, müasir şirin və az minerallaşdırılmış suların iştirakı ilə əmələ gəlir. Bəs bu sular yerin təkində necə yaranır? Bu suala cavab vermək üçün yeraltı suların mənşəyi barədə bir neçə nəzəriyyəni xatırlayaq.

İlk nəzəriyyələrdən biri hələ antik dövrlərdə romalı memar Mark Vitruvi Pollio tərəfindən irəli sürülmüş infiltrasiya nəzəriyyəsidir. Alimlər bu günə kimi həmin nəzəriyyəyə əsaslanırlar. Bu nəzəriyyəyə görə, yeraltı sular dağ süxurları kanalları ilə torpağa nüfuz etmiş atmosfer çöküntülərindən yaranır.

XIX əsrin sonlarında alman mühəndisi O.Folqerin kondensasiya nəzəriyyəsi dünyada geniş yayılmışdı. O, belə hesab edirdi ki, yeraltı sular atmosferdəki su buxarlarının torpaqda qatılaşması sayəsində yaranır.

Nəhayət, 1902-ci ildə vyanalı geoloq E.Zyuss tərəfindən ən son nəzəriyyələrdən biri – yuvenal nəzəriyyəsi irəli sürüldü. Alim bəzi mineral suların yerin maqması ilə əlaqəsi barədə bir sıra dəlillər gətirmişdi. Onun fikrincə, ərimiş maqmadan ayrılan maddələr nisbətən aşağı temperaturlu sahəyə düşüb kondensasiya olunaraq, yuvenal suları (başqa sözlə, ilkin suları) yaradırlar ki, bunlar da bulaqlar şəklində yer səthinə çıxır. Lakin təmiz şəkildə yox: yuvenal su dağ süxurlarındakı çatlarla qalxaraq, çox zaman vulkanik mənşəli qazların təsirilə bu süxurları əridir, minerallarla zənginləşir və digər mənşəli yeraltı sularla (əksər hallarda infiltrasiya suları ilə) qarışır.

1990-cı illərin əvvəllərində aparılmış bir tədqiqat zamanı aşkar edilmişdir ki, bəzi hidrogen izotoplarının nisbətinə görə Borjomi araşdırılan digər mineral sulardan kəskin şəkildə fərqlənir. Heç də istisna edilmir ki, bu məlumatlar “Borjomi”nin tərkibində həmin yuvenal, “ilkin” suların böyük həcmdə olduğunu təsdiqləyir. Çox ehtimal ki, “Borjomi”nin bənzərsizliyinin, insan sağlamlığına müsbət təsirinin və nəhayət, populyarlığının sirrini məhz onun mənşəyində axtarmaq mümkündür.